İQTİSADİYYAT
Paytaxtın Mirəli Qaşqay küçəsi təmir edilir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunun ərazisindəki Mirəli Qaşqay küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan küçənin uzunluğu 2,3 kilometr, eni isə ortalama 8 metr təşkil edir. Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq kipləşdirilib.
Artıq küçənin 1,4 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçəboyu zəruri yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Mirəli Qaşqay küçəsi yaxın müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.