İQTİSADİYYAT
Paytaxtın Nərimanov rayonunda Tələt Şıxəliyev küçəsi təmir olunur
Bakı, 3 oktyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, təmir işləri rayonun 450 metr uzunluğa malik Tələt Şıxəliyev küçəsində aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində küçəboyu zəruri yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
Analoji təmir işləri hazırda 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.
Qeyd olunub ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluqları 4320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.