CƏMİYYƏT


Paytaxtın Nərimanov rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb

Bakı, 20 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində davam edən monitorinqlər çərçivəsində Bakının Nərimanov rayonunda İslam Abışov küçəsi, ev 6 ünvanında yerləşən fiziki şəxs Novruzov Əbdulla Əmir oğluna məxsus “Araz” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı sexdə məhsulların istehsalında sanitariya-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Sexdə preslənmiş kəllə qəndin istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, bişmə prosesi təbii qaz vasitəsilə həyata keçirilsə də, təhlükəsizlik tədbirlərinin görülmədiyi, istehsal sahəsinə daxil olan suyun toksikoloji, mikrobioloji müayinələrinin aparılmadığı aşkar edilib.

Məlum olub ki, şəkər tozu təmizlənmədən birbaşa bişmə qazanına daxil edilir, qarışdırıcı qazandan preslənmə qurğusuna tökülən şəkər kütləsinin nəmliyinin kütlə payı müəyyənləşdirilmir, bişmə prosesində ticarət şəbəkələrindən qayıdan, üzərində yararlılıq müddəti qeyd olunmayan, antisanitar şəraitdə saxlanılan qəndlərdən istifadə edilir.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Qənd məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.