CƏMİYYƏT
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan doqquz nəfər saxlanılıb
Bakı, 23 iyul, AZƏRTAC
Paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin - metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan doqquz nəfər tutulub.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.