İQTİSADİYYAT
Paytaxtın Nizami rayonunda 5 küçə təmir olunub, daha 2 küçədə isə işlər davam etdirilir VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən, Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonunda 5 küçədə təmir işləri yekunlaşdırılıb, daha 2 küçədə isə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Nizami rayonunda ümumi uzunluğu 5,5 kilometr olan 7 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur, bəzi küçələrdə artıq bu işlər icra olunub. Bu, Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Əliağa Kürçaylı küçəsinin 600 və Mikayıl Əliyev küçəsinin 600 metr uzunluğa malik hissələridir. Hazırda Nizami rayonu üzrə Cəmşid Naxçıvanski küçəsinin 1000 metr, həmçinin Bəhruz Nuriyev küçəsinin 900 metr uzunluğa malik hissələrində əsaslı təmir işləri aparılır. Hər iki küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
Təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə yeni asfalt-beton örtüyü döşənir. Eyni zamanda, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı, küçəboyu zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib. Qeyd olunan küçələrdə təmir işləri tərtib olunmuş qrafikə uyğun agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Sonuncu mərhələdə yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.