CƏMİYYƏT
Paytaxtın Nizami rayonunda ağac kəsən şirkət cəzalandırılıb
Bakı, 17 may, AZƏRTAC
Paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən “Bahar” şadlıq sarayının həyətində ağac kəsilməsi faktı ilə bağlı aparılan araşdırma başa çatıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavad AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacın həmin ərazinin mülkiyyətçisi “Nemət-Ə” firmasının göstərişi ilə kəsildiyi müəyyən edilib.
Onun sözlərinə görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Xidmət rəsmisi mülkiyyətçilər tərəfindən yaşıllıqlara qarşı hələ də bu cür məsuliyyətsiz əməllər törədildiyini təəssüflə qeyd edib və tikinti şirkətlərini belə addımlardan çəkinməyə, min bir əziyyətlə ərsəyə gələn ağaclara zərər verməməyə, əksinə yaşıllıqları qoruyaraq artırılmasına töhfə verməyə çağırıb.