CƏMİYYƏT
Paytaxtın Nizami rayonunda keçmiş məhkum silah satmaq istəyərkən tutulub
Bakı, 18 iyul, AZƏRTAC
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşası məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci polis bölməsinə bir naməlum şəxsin metronun “Qara Qarayev” stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Nizami RPİ-nin 25-ci polis bölməsinin rəis müavini Elnur Əliyev əməliyyat barədə danışarkən deyib: “Bölmədə həmin şəxsin şəxsiyyəti məlum olub. O, Bakı şəhər sakini əvvəllər, məhkum olunmuş Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 3 patron və tapança darağı aşkarlanaraq götürülüb. Material Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib”.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə həmin silah ballistik ekspertizaya göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.