CƏMİYYƏT


Paytaxtın Nizami rayonunda qətl hadisəsi törətmiş şəxslər saxlanılıb

Bakı, 22 aprel, AZƏRTAC 

Paytaxtın Nizami rayonunda törədilmiş ağır cinayətin üstü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də səhər saatlarında rayonun Azər Manafov küçəsi, ev 15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış cəsədi aşkarlanıb.

Sonra cəsəd daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyənləşdirilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədilə daxil olduqlarını, onu qətlə yetirdikdən sonra isə izi itirmək üçün mənzili və cəsədi yandırdıqlarını bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlarda aşkarlanaraq maddi sübut kimi götürülüb.

Keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin “Leyla” kimi tanıdıqları paytaxt sakini, əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.