CƏMİYYƏT
Paytaxtın Səbail rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 17 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Səbail rayonunda İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz lahmacun” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi aşkar olunub. Eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.