CƏMİYYƏT
Paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkı vətəndaşların sevimli istirahət yerinə çevrilib – FOTOREPORTAJ VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Paytaxtın Səbail rayonunda yeni salınan “Çəmbərəkənd” parkı qısa müddət ərzində vətəndaşların sevimli istirahət yerinə çevrilib.
AZƏRTAC gözoxşayan yaşıllıq, piknik məkanı, uşaqlar üçün attraksionlar olan parkdan foto və videoreportajı təqdim edir.
Paytaxtda unudulan, istifadəsiz ərazidə dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan gözoxşayan bu parkın sahəsi dörd hektardır. Ərazidə 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Digər parklardan fərqli olaraq “Çəmbərəkənd”də estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb. Şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.
Həsən Seyidbəyli küçəsində yerləşən yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Burada sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Elə buraya üz tutan sakinlər istirahət üçün yaradılan şəraitdən razı qaldıqlarını söyləyiblər. Bu park xüsusilə balacaların ən sevimli məkanına çevrilib. Uşaqlar parkda yaradılan müxtəlif attraksionlarda əylənməkdən yorulmurlar. Sakinlər də vaxtilə baxımsız, istifadəsiz qalan bu ərazidə qısa müddətdə belə gözəl parkın yaradılmasına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.