İQTİSADİYYAT


Paytaxtın Xətai rayonu Cavanşir küçəsinin əsaslı təmirinə başlanılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri işlərinə başlanılıb.

Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq. Belə ki, küçədə köhnə örtük söküləcək, əsasın yararsız hissələri qazılaraq çıxarılacaq, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa ediləcək.

Məlumata əsasən, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

Hazırda küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yeni səkilərin inşası işlərinə başlanılıb.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq. Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xətai rayonu ərazisində ümumi uzunluğu 5880 metr olan 5 küçədə (Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr) küçələri və Boru keçidinin döngələrində (1650 metr) təmir işləri icra olunaraq yekunlaşdırılıb.

Əsaslı təmirinə yeni başlanılmış Cavanşir küçəsi ilə yanaşı 980 metr uzunluğa malik Nazim Şükürov küçəsinin də hazırda təmiri icra olunur. Yaxın günlərdə isə ümumi uzunluğu 5 kilometr olan Polad Həşimov küçəsinin və ona birləşən yolların təmirinə başlanılması planlaşdırılır. Beləliklə, Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.