CƏMİYYƏT
Paytaxtın Yasamal rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan doqquz nəfər saxlanılıb
Bakı, 29 iyul, AZƏRTAC
Polis əməkdaşları paytaxt ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi və 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və “patı” adlandırılan psixotrop maddənin - metamfetamin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan doqquz nəfər tutulub.
Əməliyyat zamanı paytaxt sakinləri Qeys Rüstəmov, Çingiz Quliyev və qardaşı Ziya, Sahil Səmədov, Rüstəm Qədirov, Fərid Ulin, Şəhriyar Hüseynov, Cavid Xəlilov, eləcə də Seymur Zamanov tutularaq istintaqa təqdim olunublar. Həmin şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.