İQTİSADİYYAT
Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi birinci Avropa Oyunlarınadək başa çatdırılacaqdır VİDEO
Bakı, 8 yanvar (AZƏRTAC). Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarınadək başa çatdırılacaqdır.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, prospektdə 4 yol qovşağı tikilir.
Artıq Xutor dairəsindəki 3 tunel və 1 yol ötürücüsündə işlərin təxminən 80 faizi görülmüşdür. Bir yol ötürücüsü isə Həsən Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşir. Burada da işlər yekunlaşmışdır. Böyük Şor küçəsi ilə kəsişmədə yerləşən digər tunel tipli yol ötürücüsündə də işlərin təxminən 80 faizi başa çatdırılmışdır. Dördüncü tunel tipli yol ötürücüsü isə Müzəffər Nərimanov küçəsi ilə kəsişmədə inşa olunur. Bu yol ötürücüsündə də işlərin 85 faizi görülmüşdür və hazırda bəzək işləri aparılır.
Bu işlərə paralel olaraq Ziya Bünyadov prospektində də yolun təmirinə başlanılmışdır. Təmir işləri çərçivəsində prospektdə köhnə asfalt-beton örtük götürülür, kommunikasiya xətləri dəyişdirilir, yağış-kanalizasiya sistemi qurulur, istinad divarları tikilir. Eyni zamanda, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 4 yerdə yerüstü piyada keçidi inşa olunur.
P.Mürsəliyev qeyd etmişdir ki, qovşaqların cari ilin birinci yarısınadək, Ziya Bünyadov prospektinin yenidən qurulmasının isə birinci Avropa Oyunlarınadək başa çatdırılması nəzərdə tutulur.