İQTİSADİYYAT
Paytaxtın altı rayonunun icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə paytaxtın Nəsimi, Səbail, Nizami, Xətai, Sabunçu və Pirallahı rayon icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sığorta həftəsi” çərçivəsində keçirilən tədbirlərdə qeyd olunan rayonlarda fəaliyyət göstərən sahibkarlar, müxtəlif dövlət qurumlarının, İcbari Sığorta Bürosunun, Azərbaycan Sığortaçılar Assosiasiyasının, həmçinin sığorta şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirlər zamanı sığortanın mahiyyəti, sığorta sektoru, könüllü və icbari sığorta növləri, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barəsində təqdimatlar edilib.
Təqdimatlardan sonra interaktiv formatda keçirilən tədbirlərdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.