CƏMİYYƏT


Paytaxtın kənar küçələrində də abadlıq-yenidənqurma işləri aparılır

Bakı, 3 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı, şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrində də əsaslı təmir və yenidənqurma işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq Xətai rayonunun Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb. Hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin edilməsi üçün müasir yol infrastrukturu yaradılır.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısının da müasir dizaynla yenidən qurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.

Eyni zamanda, küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.

Artıq bu küçədə aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.