İQTİSADİYYAT
Paytaxtın küçə və yollarında təmir işləri aparılıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Paytaxtın küçə və yollarında 60 min kvadratmetr sahədə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, AAYDA tərəfindən Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb. Təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmiş Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır –Novxanı avtomobil yollarında görülüb.
Təmir zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 60 min kvadratmetrdən çox sahəni əhatə edib. Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Analoji işlər tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.