İQTİSADİYYAT
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcud yolların yenidən qurulması və genişləndirilməsi işləri görülür.
Bu ərazilərdə aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə prospektlərdən şəhər mərkəzinə doğru girişdə Yusif Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir. Həmin istiqamətdə işlərə ilkin olaraq Yusif Səfərov küçəsindən başlanılıb.
Küçə bir neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yolayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.
Genişləndirmə işlərinin küçəboyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yolayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.
Aparılan yenidənqurma işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır.
Bundan başqa avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1,1 kilometr uzunluğunda yeni yol salınır.
Layihəyə uyğun olaraq, hazırda yolboyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.
Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Buraya 9 metr enində hərəkət hissəsi və yolboyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir.
Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa edildikdən sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospektlərinə doğru rahat çıxışı təmin olunacaq.
Qeyd edək ki, Sergey Senyuşkin küçəsinin hazırda mövcud 365 metr uzunluğunda olan hissəsi tam təmir olunub. Təmir işləri zamanı küçəyə yeni asfalt-beton örtük döşənib, mövcud səkilər bərpa olunub və yenilərinin tikintisi istiqamətində işlər aparılıb.
Bundan öncə isə Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası yüksək keyfiyyətlə aparılaraq başa çatdırılıb. Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir.
Layihəyə əsasən, 1 metr enində ayırıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. Yeni yolun kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla da Yusif Səfərov küçəsindən Fəzail Bayramov küçəsinə hərəkət məsafəsi xeyli qısaldılaraq rahatlaşdırılıb.
Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması, bundan başqa hər iki istiqamət üzrə paralel yolların çəkilişi həmin ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə, bu istiqamətdən giriş-çıxışının rahatlaşdırılmasına şərait yaradacaq.
Görülən bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yenidənqurma işlərinin qısa müddətdə və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılaraq yekunlaşdırılması planlaşdırılır.