ELM VƏ TƏHSİL


Paytaxtın ümumtəhsil müəssisələri direktorlarının iştirakı ilə keçirilən müşavirə yekunlaşıb

Bakı, 22 may, AZƏRTAC 

Paytaxtın ümumtəhsil müəssisələri direktorlarının iştirakı ilə keçirilən müşavirə yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu qurumun təşkilatçılığı ilə keçirilən müşavirədə ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli iş aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Müşavirədə BŞTİ-nin struktur bölmə rəhbərləri və Nərimanov, Nizami, Səbail, Suraxanı, Sabunçu, Pirallahı rayonları ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

BŞTİ-nin müdiri Rəşad Tağıyev müşavirədə çıxış edərək təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulan həlli vacib məsələlərdən və məktəblərin qarşısında duran prioritet istiqamətlərdən danışıb.

Rəşad Tağıyev ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verib. Həmçinin təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər müvafiq məsələlərdən söz açıb.

İdarə müdiri “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən inkişafyönümlü tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də bəhs edib.

BŞTİ-nin rəhbəri təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən biri olduğunu xatırladıb, məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəb idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması, valideynlərlə işin qurulması, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.