ELM VƏ TƏHSİL
Pedaqoji Kollecin “Mizan” dram dərnəyi şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Pedaqoji Kollecin “Mizan” dram dərnəyinin təşkilatçılığı ilə ADPU-da “Şəhidlik ən uca zirvədir” adlı ədəbi-bədii tədbir keçirilib. Dərnəyin rəhbəri Xalq artisti, professor Məmmədsəfa Qasımovdur (Məmməd Səfa).
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsində Pedaqoji Universitet ailəsinin şəhid olmuş 13 məzununun xatirəsinə həsr olunub. Bunlardan üç nəfəri, o cümlədən Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova Pedaqoji Kollecin məzunudur.
Şəhidlərin xatirəsinə həsr olunan səhnələrin, şeir və ifaların yer aldığı kompozisiya böyük maraq və həyəcanla qarşılanıb.
Sonda çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, müasir dövrdə mütəxəssis hazırlığının əsas istiqamətlərini müzakirə edərkən əsasən iki məqam üzərində dayanılır: vətənpər və səriştəli kadrlar hazırlamaq. Məhz bu baxımdan tanınmış sənətkarımız Məmməd Səfanın rəhbərliyi ilə ADPK-nın “Mizan” dram dərnəyinin fəaliyyəti olduqca vacib və diqqətəlayiqdir.
Xalq artisti Məmməd Səfa yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirərək şəhidlərimizin qəhrəmanlığının təbliğinin hər birimizin borcu olduğunu vurğulayıb.