ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə “Erasmus+” EQAC layihəsi təqdim edilib

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyasının maliyyə dəstəyi ilə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin təqdimatı keçirilib. Təqdimat layihənin koordinatoru olan Bakı Biznes Universitetinin (BBU) ADPU-da layihənin yerinə yetirilməsi ilə bağlı monitorinqi çərçivəsində reallaşıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatdan əvvəl universitetin rektoru, professor Cəfər Cəfərov layihə iştirakçıları ilə görüşüb.

Görüşdə C.Cəfərov bildirib ki, 2017-2020-ci illəri əhatə edən “Erasmus+” EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Avropa Komissiyasının maliyyələşdirdiyi layihə çərçivəsində ötən bir ildə ADPU-da cari vəziyyət öyrənilib, müvafiq sorğu keçirilib, hesabat hazırlanıb, universitetin əməkdaşları layihə ilə bağlı müxtəlif respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak ediblər. Universitetdə keyfiyyətin təminatı şöbəsi yaradılıb, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi tətbiq edilir və bu, müəllimlər üçün motivasiya yaradır. ADPU-da insan resurslarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu, tədris-köməkçi heyətin işə qəbulu isə müsabiqə yolu ilə aparılır. Həm seçki, həm də müsabiqə şəffaf, ədalətli və obyektiv keçirilir. Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır.

BBU-nun rektoru, professor İbad Abbasov qeyd edib ki, ADPU-da yeni komanda formalaşıb. Bu komanda universitetdə islahatlar aparılmasında, həmçinin “Erasmus+” EQAC layihəsində fəal iştirak edir. Bizim Avropa ali təhsil məkanına inteqrasiya etməyimiz həm də dünyaya inteqrasiyamız deməkdir. Təhsil daim təkmilləşən, yeniləşən, inkişaf etməkdə olan sahədir. Bu sahədə işin yenidən qurulması, islahatlar aparılması olduqca vacibdir. Ali təhsilin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması qarşımızda dayanan əsas vəzifədir. BBU Avropanın 15 ölkəsinin 20-yə yaxın universiteti ilə sıx əlaqə qurub. Belə layihələr bizə qarşımıza qoyduğumuz məqsədlərə çatmağa kömək edir.

ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə layihənin uğurlu və kreativ olduğunu bildirərək əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. BBU-nun layihələrin idarəolunması şöbəsinin müdiri Gülşən Bayramova bu layihənin yaranma səbəbi, bununla bağlı aparılmış tədqiqatların nəticələri, layihənin detalları və tərəfdaş universitetlər üçün gələcək töhfəsi haqqında danışıb.

ADPU-nun keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov “Erasmus+”EQAC layihəsi haqqında təqdimatla çıxış edib.

Təqdimatda “Erasmus+” EQAC layihəsi ilə bağlı həyata keçirilmiş tədbirlər, ali təhsil müəssisələrində keyfiyyətə təsir edən əsas amillər, keyfiyyətin artırılması sahəsində Avropa təcrübəsi və s. barədə məlumat verilib.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.