ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə “Peşmanlıq” sənədli filminin təqdimatı olub
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Vətəndaş Tribunası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanmış “Peşmanlıq” sənədli filminin təqdimatı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov "Peşmanlıq" sənədli filminin gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə filmlər bizə milli tariximizi dərindən öyrənməyə kömək edir.
"Vətəndaş Tribunası" İctimai Birliyinin sədri, yazıçı Səfər Alışarlı film barədə məlumat verib. Qeyd olunub ki, filmdə Rusiya imperatoru I Nikolayın 1837-ci ildə İrəvana səfərindən bəhs olunur. Filmdə geniş tamaşaçı kütləsinə tanış olmayan yeni tarixi faktlar, eləcə də İran və Osmanlı imperiyası ərazilərindən köçürülən ermənilərin qədim türk torpaqlarında yerləşdirilməsi ilə bağlı mütəxəssis şərhləri öz əksini tapıb.
Sonra “Peşmanlıq” sənədli filmi nümayiş etdirilib.
Daha sonra sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filmin prodüseri Tural Cəfərov və başqaları çıxış edərək filmin mövzusunun aktuallığını vurğulayıblar.