ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimatı olub

Bakı, 11 mart, AZƏRTAC 

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, türkoloq, Onomastika Elmi Məktəbinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, professor Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda Afad Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm və təhsil təşkilatçısı kimi xatirələr müstəvisində səciyyələndirilir. Onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla izah edilir. Dilçiliyə dair əsərləri müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilir. Kitabda, eyni zamanda, A.Qurbanova həsr edilmiş şeirlərin hər birinə ədəbi tənqid müstəvisində münasibət bildirilir.

Kitabın müəllifi filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, professor Əzizxan Tanrıverdi, redaktoru professor Fikrət Xalıqov, rəyçiləri filologiya üzrə elmlər doktorları Məhərrəm Hüseynov, Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru Vaqif İsrafilov və İlham Abbasovdur.

Tədbirdən öncə iştirakçılar Afad Qurbanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Afad Qurbanovun həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, alimin universitetin inkişaf tarixindəki böyük xidmətlərindən danışıb. Bildirib ki, alim tələbəlikdən rektorluğa qədər 60 ilə yaxın müddətdə təhsil müəssisəsi üçün tarixi işlər görüb. Azərbaycan dilçiliyində onomalogiya A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə araşdırılıb.

Tədbirdə çıxış edən filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, fakültənin müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, həmin institutun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və başqaları professor A.Qurbanovun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.

Sonda professor A.Qurbanovun oğlu Ramin Qurbanov ailələrinin adından çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbirdə professor Afad Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.