ELM VƏ TƏHSİL


Pedaqoji Universitetdə “Tvinninq” layihəsi çərçivəsində seminar keçirilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində “Əmək bazarı məlumatlarının konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın - təlimatların hazırlanması” mövzusunda seminar keçirilib.

Seminarda Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Tvinninq” layihəsinin Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, layihənin məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir. Layihənin hədəfi Avropa ali təhsil məkanının prinsiplərinin, mexanizmlərinin, alətlərinin və siyasətlərinin davamlı surətdə tətbiq edilməsi məqsədilə Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin institusional potensialını artırmaqdır.

Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov qeyd edib ki, kompetensiya əsaslı mütəxəssis hazırlanması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. “Tvinninq” layihəsi bu vacib vəzifənin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Seminarda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.