ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “İsmayıl Şıxlı və milli-mənəvi dəyərlər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamını iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə yaratdığı əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. İsmayıl Şıxlı ADPU-nun Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi çalışıb.
Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Sənətkarın ədəbi dünyası-İsmayıl Şıxlı şəxsiyyəti xatirələrdə”, Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “İsmayıl Şıxlı yaradıcılığı: üz-üzə gələn dünyada” mövzularında məruzələrlə çıxış ediblər.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, Müasir Azərbaycan dili kafedrasının professoru Mirvari İsmayılova çıxış edərək Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüblər.
Konfransda İsmayıl Şıxlının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.