QAN YADDAŞI
Pedaqoji Universitetdə inteqrativ dərs: “Fəryad edən Xocalı”
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr edilmiş “Fəryad edən Xocalı” mövzusunda inteqrativ dərs keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qeyd edilib ki, bu soyqırımı həm də bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq hərbi cinayət aktıdır.
İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli, Sudanın ölkəmizdəki səfirliyinin müşaviri Awadia Ahmed Yahya Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş böyük hərbi cinayət olduğunu bildirərək təmsil etdikləri ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıblar.
Dərsdə tələbələrdən ibarət qrupların təqdimatları dinlənilib.
Tədbirdə Xocalı soyqırımının şahidi olmuş Fituhat Məmmədova hadisələrlə bağlı acı xatirələrini bölüşüb.
Yazıçı Elxan Elatlı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu Xocalı hadisələri zamanı ermənilərin törətdiyi vəhşilikləri konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov belə dərslərin milli duyğularımızın, vətənpərvərlik hisslərimizin gücləndirilməsində, gənc nəslin vətənpərvər kimi yetişdirilməsində əhəmiyyətini qeyd edib.
Sonda tələbələrə hazırladıqları təqdimatlara görə sertifikatlar təqdim edilib.