ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə ustad dərsi: ədəbi əlaqələr və bədii tərcümə məsələləri
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Fikrət Rzayevin “Ədəbi əlaqələr və bədii tərcümə məsələləri” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Fikrət Rzayev XIX əsr rus ədəbiyyatı, onun dirçəlişinin səbəbləri, klassiklər, ədəbi mühit, cərəyanlar, mərhələlər, azərbaycanlıların rus şərqşünaslığına verdiyi töhfələr, rus ədəbiyyatının realist prinsiplərə keçməyində Qafqaz mövzusunun rolu, bədii tərcümə məsələləri haqqında dinləyicilərə məlumat verib. F.Rzayev bildirib ki, bədii tərcümə-ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir. Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə seçilir. Bədii tərcümədə söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir. Bədii tərcümə orijinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Tərcümə elə bir yaradıcılıq sahəsidir ki, orada sadəcə, bir dildən başqa dilə sözləri mexaniki çevirmək, sətri tərcümə kifayət etmir. Bəzi hallarda tərcümələri birbaşa etdikdə onlar məna etibarilə çox kobud alınır. Bu səbəbdən tərcümə zamanı estetik zərifliyi qabartmaq üçün daha alternativ sözlərdən istifadə olunur.
Ustad dərsinin sonunda F.Rzayev müəllim və tələbələrin suallarını cavablandırıb, ən maraqlı sual sahibinə isə kitab hədiyyə edib.