ELM VƏ TƏHSİL
Pedaqoji Universitetin Quba filialında ədəbiyyatşünas alimin xatirəsi anılıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında görkəmli ədəbiyyatşünas, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü olmuş professor Azad Nəbiyevin xatirəsi anılıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının Azad Nəbiyev adına “Bilgə ocağı”nda keçirilən mərasimdə filialın tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov alimin həyat və fəaliyyəti haqqında məlumat verib. Filialın pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov Azad Nəbiyevlə bağlı xatirələrini bölüşüb.
Sonra görkəmli alimin qohumu, ali məktəbin ibtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Şəlalə Nəbiyeva filialın rəhbərliyinə professorun adını daşıyan otağın yaradılmasına, bir sıra tədbirlərin burada keçirilməsinə görə minnətdarlığını bildirib, bu ideyanın reallaşdırılmasını Azərbaycan elmində, Quba tarixində misilsiz xidmətləri olan alimlərə verilən dəyər kimi qiymətləndirib.
Sonda Azad Nəbiyevin filialın kitabxana fondunda olan əsərlərinə baxış keçirilib.