REGİONLAR
“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib
Naxçıvan, 11 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən 10 min tirajla “Pedaqoji fikir tarixindən” kitabı nəşr etdirilib. Kitabların 8 mindən çoxu muxtar respublika ümumtəhsil məktəblərinin müəllimlərinə və məktəb kitabxanalarına verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə nazirlik tərəfindən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən “Pedaqoji fikir tarixindən” kitabının təqdimatında bəhs olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov son illər muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, imzalanan dövlət sənədlərinin əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq “Pedaqoji fikir tarixindən” kitabı “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.
Tədbirdə Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Aidə Allahverdiyevanın, Naxçıvan Qarnizonu tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mirzəyevanın və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmihəyat Səfərovanın çıxışları dinlənilib.
Çıxış edənlər kitabın ərsəyə gəlməsi və nəşrinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub.
Sonda Məhəmməd Tağı Sidqiyə həsr olunmuş “Xalqın müəllimi” sənədli filminin nümayiş etdirilib.