ELM VƏ TƏHSİL
Pedaqoji forumda milli təhsil konsepsiyası barədə növbəti məruzə dinlənilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən pedaqoji forumun növbəti VI dinləməsi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tanınmış tədqiqatçı-alim Əhməd Qəşəmoğlu “Milli təhsil konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə, qarşıda duran əsas hədəf dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılmasıdır. Bu gün təhsil sahəsində yeni Azərbaycan modeli yaradılır. Bununla belə, məktəb-valideyn münasibətlərinin güclü mexanizmi qurulmalı, məzmunlu dərsliklər yazılmalı, xarici ölkələrin təcrübəsindən istifadə edilməlidir. Ali məktəblərin fəaliyyəti dünyanın ən qabaqcıl universitetlərinin standartlarına uyğun qurulmalıdır.
Tədbirdə təhsil ekspertləri və alimlər mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Sonda çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, bu tipli tədbirlər, aparılan müzakirələr, fikir mübadiləsi universitetdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.