CƏMİYYƏT
Pediatrlar beynəlxalq seminar-treninqdə uğurla iştirak ediblər
Bakı, 1 dekabr, AZƏRTAC
Ana və uşaqların sağlamlığı ölkə səhiyyəsinin prioritet məsələləri sırasındadır və bu sahədə göstərilən tibbi yardımı müasir standartlara çatdırmaq üçün beynəlxalq təhsilin əhəmiyyətli rolu var.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq Uşaq İnfeksion Mərkəzində beynəlxalq seminar-treninqdə bir çox MDB ölkələri nümayəndələri ilə yanaşı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası əməkdaşlarının iştirakı bu sahədə növbəti bir tədbir olub.
Seminar-treninqdə ölkəmizi pediatriya kafedrasının dosenti Zemfira Quliyeva və assistent İlahə İsrafilbəyova təmsil ediblər.
Treninqlər xüsusi müasir simulyator otaqlarında aparılıb, mərkəzin yüksəkixtisaslı müəllimləri mühazirə və təcrübə dərslərində müasir yenilikləri çatdırıb, praktik vərdişlər simulyatorlar üzərində öyrədilib. Seminar-treninqlərin yekununda mərkəzin rəhbəri akademik Y.Lobzin iştirakçılara sertifikatlar təqdim edib.
Yüksək nəticə göstərdiyinə dosent Zemfira Quliyevaya görə xüsusi hədiyyə verilib.