SİYASƏT
Pekin Xarici Dillər Universitetində Azərbaycana dair mühazirə oxunub VİDEO
Pekin, 4 aprel, AZƏRTAC
Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Pekin Xarici Dillər Universitetində ölkəmizə dair mühazirə oxunub.
Hələ qədim İpək yolu dövründən iki xalq arasında qurulan əlaqələr XX əsrin sonunda Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yeni müstəvidə inkişaf etməyə başlayıb. İyirmi beş il əvvəl Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında sənəd imzalanıb. Pekin Xarici Dillər Universitetində bu münasibətlə təşkil olunan mühazirədə universitetin müəllim və tələbələri iştirak ediblər.
Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə ölkəmizin qədim tarixi, dövlətçilik ənənələri, zəngin mədəniyyəti, müasir inkişafı, dünyada artan nüfuzu barədə danışıb. Bildirib ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə böyük çətinliklərlə qarşılaşmışdı. Belə bir çətin vəziyyətdən ölkəni ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyev çıxara bildi. Məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olundu, bununla da müxtəlif sahələrdə islahatların həyata keçirilməsinə, iqtisadiyyatın inkişafına başlanıldı.
M.Mirzə bildirib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər dinamik inkişafı, həyata keçirilən irimiqyaslı regional enerji və nəqliyyat layihələri dünya ölkələrinin diqqətini Azərbaycana yönəldib. Azərbaycanın özünün siyasi nüfuzu və iqtisadi inkişafı nəticəsində regionun lider dövlətinə çevrildiyini diqqətə çatdıran diplomat əlavə edib ki, son illər ölkəmizdə keçirilən irimiqyaslı tədbirlər, o cümlədən “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 yarışları, idman və mədəniyyət festivalları əcnəbi turistlərin marağını cəlb etməyə başlayıb.
Müvəqqəti işlər vəkili ölkələrimiz arasında münasibətlərə toxunaraq, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Çinə səfərlərinin bu əməkdaşlıqda mühüm rol oynadığını bildirib. Əlavə edib ki, Azərbaycan özünün nəqliyyat-logistika potensialı, o cümlədən inşası bu il başa çatacaq və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çinin “İpək yolu iqtisadi kəməri” strategiyasına böyük töhfələr verəcək. Təsadüfü deyil ki, 2015-ci ildə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanan sənədlər arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” da olub.
Mühazirə zamanı Ermənistanın hərbi təcavüzünün tarixi kökləri, ermənilərin qədim Azərbaycan torpaqlarına yerləşdirilməsi,
müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən soyqırımı faktları, o cümlədən Xocalı faciəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal edilən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasına dair qətnamələrini, habelə digər beynəlxalq təşkilatların bu barədə qərar və qətnamələrinin tələblərini hələ də yerinə yetirmir.
Sonda müəllim və tələbələrin müxtəlif mövzularda sualları cavablandırılıb. Universitetin kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin