DÜNYA


Pekində “5G” istifadəçilərinin sayı 5 milyonu ötüb

Pekin, 22 sentyabr, AZƏRTAC

Çinin paytaxtında 5-ci nəsil (“5G”) mobil rabitə şəbəkəsi istifadəçilərinin sayı 5 milyonu keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pekin şəhər hökumətinin kommunikasiya administrasiyası məlumat yayıb. Çində “5G” xidmətləri təklif edən “China Mobile”, “China Unicom” və “China Telecom” operatorları ötən ilin payızından bəri Pekində “5G” şəbəkəsi üçün 44 min baza stansiyası quraşdırıb. İlin sonunadək bu rəqəmin 50 mini ötməsi proqnozlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ilin sonunadək ölkədə “5G” şəbəkəsi üzrə 600 mindən çox baza stansiyasının quraşdırılacağını açıqlayıb. Bu plan yerinə yetiriləcəyi təqdirdə Çində prefekturadan yuxarı səviyyədəki bütün şəhərlər “5G” şəbəkəsi ilə əhatə olunacaq. İlin sonunadək “5G” şəbəkəsini dəstəkləyən 180 milyon smartfonun satılacağı nəzərdə tutulur.

Koronavirus böhranı yanvar-fevral aylarında ölkədə “5G” şəbəkəsi üzrə quraşdırma işlərinə mənfi təsir göstərsə də, mobil rabitə operatorları, habelə sənaye, nəqliyyat, tibb sahələrini əhatə edən şirkətlər işlərin cədvəl üzrə planlaşdırılan qaydada getməsi üçün səylərini artırıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.