DÜNYA
Pekində Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi başlayıb
Pekin, 14 fevral, AZƏRTAC
Pekində Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqların növbəti mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək danışıqlarda Çin tərəfinə Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Liu Xı, ABŞ nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Buenos-Ayresdə keçirilən “Böyük iyirmilər”in sammiti çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. ABŞ tərəfi həmin görüşdən sonra Çin məhsullarına yanvarın 1-dən planlaşdırılan vergi artımını ticarət danışıqlarının nəticələrindən asılı olaraq, martın 2-nə qədər təxirə saldığını açıqlamışdı. Əgər danışıqlar müsbət nəticə verməsə, Birləşmiş Ştatlar 200 milyard dollar dəyərində Çin məhsullarına 25 faizlik əlavə idxal rüsumları tətbiq edəcək. Yanvar-fevral aylarında Pekində və Vaşinqtonda iki dəfə yüksək səviyyəli danışıqlar keçirilsə də, konkret nəticə əldə edilməyib. Beynəlxalq ekspertlər bu gün Pekində başlayan görüşü “son şans” kimi qiymətləndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin