DÜNYA


Pekində COVID-19 testlərinin aparılması üçün mobil laboratoriya işə başlayıb VİDEO

Pekin, 24 iyun, AZƏRTAC

Çin paytaxtında Asiyanın ən böyük meyvə-tərəvəz və ət topdansatış bazarı olan "Sinfadi"də COVID-19 infeksiyasının yeni ocağı aşkarlanandan sonra virusun yayılmasının qarşısını almaq üçün əhalinin test edilməsi prosesinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, 20 milyondan çox sakini olan paytaxtda test prosesinin sürətlə aparılması üçün mobil laboratoriyalardan da istifadə olunacaq. Hava ilə şişirdilərək 50 dəqiqəyə hazır olan mobil laboratoriyaların birincisi paytaxtın Dasin rayonunda basketbol meydanında fəaliyyətə başlayıb. Lazımi avadanlıqla təchiz edilən və 2-ci biotəhlükəsizlik standartında olan laboratoriya gündə təxminən 30 min nümunənin analizini aparmaq gücündədir.

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Virusla mübarizə istiqamətində ən vacib tədbirlərdən biri “Sinfadi” bazarında çalışanların, ora baş çəkənlərin, bazarın ətrafındakı məhəllələrdə və yüksək riskli zonalarda yaşayanların, habelə kuryer və logistika şirkətlərinin əməkdaşlarının, ərzaq mağazalarının, restoran və kafe işçilərinin koronavirus testindən keçirilməsinə başlanılıb. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.

COVID-19 infeksiyası ortaya çıxandan bəri isə Çində ümumilikdə 90 milyondan çox adam test edilib. Ölkənin gündəlik testetmə potensialı 3,78 milyon nümunədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.