SİYASƏT
Pekində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur VİDEO
Pekin, 28 dekabr (AZƏRTAC). Azərbaycanın Çindəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur.
Çində təhsil alan azərbaycanlı tələbələrin, digər həmvətənlərimizin iştirak etdikləri tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur.
Səfir Lətif Qəndilov bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində böyük rol oynadığını bildirmişdir. Qeyd olunmuşdur ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsidir.
Diplomat vurğulamışdır ki, ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Məhz Ümummilli Liderin təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayı keçirilmiş, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən dövlət komitəsi yaradılmışdır.
Səfir bildirmişdir ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün səylərimizi birləşdirməliyik.
Digər çıxış edənlər də vurğulamışlar ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, ölkədə həyata keçirilən inkişaf və quruculuq işlərinə sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin