DÜNYA
Pekində İİV/QİÇS hallarının sayı 14 faizdən çox artıb
Pekin, 2 dekabr, AZƏRTAC
Çinin paytaxtı Pekində bu ilin yanvar-oktyabr aylarında İİV/QİÇS (HIV/AIDS) xəstələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faizdən çox artıb.
AZƏRTAC Pekin bələdiyyəsinin səhiyyə komitəsinə istinadla xəbər verir ki, ilin 10 ayında paytaxtda 1654 nəfərdə İİV/QİÇS xəstəliyi aşkarlanıb. Bildirilir ki, xəstəliyin yayılmasının 98 faizi təsadüfi qorunmamış cinsi kontaktlarla, xüsusən də homo və heteroseksual kontaktla əlaqəlidir. Hazırda Pekində 24 mindən çox İİV/QİÇS xəstəsi var.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə ötən ilin sonuna ölkədə qeydiyyatda olan İİV/QİÇS xəstələrinin sayı 1,05 milyon nəfər olub. İndiyədək Çində 351 nəfər bu virusun qurbanı olub. Çində hər il orta hesabla 3 min gənc bu xəstəliyə tutulur. Ən pis tendensiya isə orta yoluxma sayının ildən-ilə azalmasıdır. 2011-ci ildə Çinin Şensi vilayətində İİV/QİÇS xəstəliyi olan uşaqlar üçün ilk xüsusi məktəb istifadəyə verilib.
Qeyd edək ki, hazırda dünyada 37,2 milyon İİV/QİÇS-lə yaşayan xəstə var. Onların 1,7 milyonu 14 yaşına qədər olan uşaqlardır. İİV – İnsanın İmmunçatışmazlığı Virusu (HIV-infection) ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu (AIDS) İİV-infeksiyasının son mərhələsidir. İİV insanın immun sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir, insan orqanizmi müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir, insanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir, müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin