SİYASƏT


Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb  YENİLƏNİB VİDEO

Pekin, 24 iyun, AZƏRTAC

İyunun 24-də Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb. “Çinin inkişafı, dünya üçün imkanlar" mövzusunda keçirilən toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Çin Xalq Xarici Əlaqələr İnstitutunun birgə tərəfdaşlığı keçirilir.

AZƏRTAC xəbər verir ki, ikigünlük toplantıda dünyada ikinci ən böyük iqtisadiyyatına sahib olan Çinin inkişafının dünyaya və beynəlxalq əməkdaşlığa təsirinə, "Bir kəmər, bir yol" təşəbbüsünün yaratdığı imkanlara dair müzakirələr aparılır.

"Bir kəmər, bir yol"un əhatə etdiyi və bu strategiya çərçivəsində Çin ilə tərəfdaşlıq edən 15-dən çox ölkənin sabiq dövlət və hökumət başçılarının, Çinin dövlət qurumlarının sabiq rəhbər şəxslərinin, nüfuzlu beynəlxalq beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda əsasən “Çinin inkişafı”, "Dünya üçün imkanlar", "Çinin dünya ilə əməkdaşlığı", "Bir kəmər, bir yol layihə"sinin əhəmiyyəti, "Qlobal idarəetmə sistemi" və "Çinin beynəlmiləl təşkilatlarda rolu" kimi mövzular müzakirə edilir.

Toplantının açılış mərasimində çıxış edən Çin Dövlət Şurasının keçmiş üzvü Day Binquo Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çinin inkişafının dünyaya və beynəlxalq əməkdaşlığa təsirinə, "Bir kəmər, bir yol" təşəbbüsünün yaratdığı imkanlara dair müzakirələri təşkil etməsini yüksək qiymətləndirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Mərkəzin aktual məsələlərin müzakirəsi üçün yaxşı platforma rolunu oynadığını deyib.

Müzakirələrdə Çinin sabiq Xarici İşlər naziri Li Caosin, Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti U Haylon, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbinin sabiq prorektoru Li Cunru, Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Yoahim von Amsberq, Çinin Almaniya, İngiltərə və ABŞ-dakı sabiq səfirləri çıxış edərək toplantının əhəmiyyəti, tədbirin tərəfdaş ölkələr arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətindəki önəmi barədə fikirlərini bölüşüblər.

Toplantının təşkilində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi və Çinin Bakıdakı səfirliyi də yaxından iştirak ediblər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb. Mərkəz sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərməklə yanaşı, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunub saxlanılması, öyrənilməsi və təbliğ olunması sahəsində müxtəlif layihələr həyata keçirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.