QAN YADDAŞI
Pekində Qanlı Yanvar qurbanlarının xatirəsi anılıb VİDEO
Mərasimdə “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib
Pekin, 19 yanvar, AZƏRTAC
Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anma mərasimi keçirilib.
Mərasimdə faciənin 25-ci ildönümü ərəfəsində işıq üzü görmüş, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib.
Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Lətif Qəndilov 20 Yanvar hadisəsinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olduğunu bildirib. Qeyd edilib ki, Vətəninin azadlığını hər şeydən uca tutan Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsində xüsusi yer tutur.
Keçmiş sovet ordusunun hərbi hissələri müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı Bakı şəhərində misli görünməmiş qətliam törətdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.
Həmin vaxt Moskvada yaşayan dahi şəxsiyyət Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.
Səfir qeyd etdi ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həll olunması istiqamətində mühüm qərarlar qəbul olunub.
AZƏRTAC-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərov “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu haqqında məlumat verərək bildirib ki, nəşrdə keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsinə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə dair yüzlərlə fotoşəkil toplanıb. Bu nəşr faciə haqqında əsl həqiqətlərin indiki və gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi 20 Yanvar hadisələrinə dair fotoşəkilləri və sənədləri küll halında təqdim etmək, oxucuda faciə barədə aydın və obyektiv təsəvvür yaratmaqdır. Bununla bağlı əsl həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kitab-albom dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunub.
Bildirilib ki, kitab-albomun nüsxələrinin Çinin müvafiq qurumlarına, kitabxanalara, araşdırma və elm-təhsil ocaqlarına göndərilməsi nəzərdə tutulub.
Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub.