DÜNYA
Pekində parklar və restoranların fəaliyyəti bərpa olunub VİDEO
Pekin, 7 dekabr, AZƏRTAC
Çinin paytaxtı Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu, hökumətin karantin rejiminin sakinlərin gündəlik həyatına və iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb. Sakinlər parklara şəxsi sağlamlıq məlumatlarının toplandığı sağlamlıq haqqında elektron arayış (QR kod) təqdim etməklə, kafe və restoranlara isə son 48 saatda verilmiş COVID-19 testinin neqativ nəticəsini təqdim etməklə daxil ola bilər. Pekinin səhiyyə komitəsinin son qərarına əsasən, ictimai məkanlara, o cümlədən marketlərə, ticarət mərkəzlərinə, ofis binalarına və yaşayış binalarına daxil olarkən son 48 saatda verilmiş COVID-19 testinin neqativ nəticəsini təqdim olunması tələbi də aradan qaldırılıb. Pekinin “Paytaxt” və “Dasin” beynəlxalq hava limanlarında da 48 saatlıq test tələbi ləğv olunub.
Qeyd edək ki, yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanmış, ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
Çinin COVID-19 virusu ilə 3 illik mübarizəsindəki ən böyük yenilik isə virusa yoluxanlarla təmasda olanların və yoluxma şübhəsi olanların ev şəraitində özünü təcrid etməsinə icazə verilməsidir. İndiyədək nəinki simptomlu və simptomsuz pasiyentlər, hətta 2-ci və 3-cü dərəcəli təmasda olanlar, hətta yoluxanların yaşadıqları binaların sakinləri və iş yoldaşları qeyd-şərtsiz xüsusi yerlərdə, o cümlədən modul xəstəxanalarda karantinə cəlb olunurdu. Amma “omikron” ştamının hospitalizasiyaya daha az səbəb olması əsas götürülərək, ev şəraitində özünütəcridə icazə verilib. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, simptomsuz xəstələr və infeksiyanı yüngül keçirən insanlar ev şəraitində özünü təcrid edə bilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin