DÜNYA
Pekinin daha 2 rayonunun sakinləri kütləvi şəkildə COVID-19 testindən keçib
Pekin, 25 yanvar, AZƏRTAC
Pekin hökuməti şəhərdə COVID-19 infeksiyasına yoluxmaların davam etməsi səbəbindən paytaxtın daha 2 rayonunda kütləvi test prosesini təşkil etməyə qərar verib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində yerləşən və bir çox dövlət qurumlarının binalarının olduğu Siçen və Donçen rayonlarında təxminən 2 milyon nəfər koronavirus testindən keçiblər. Bundan əvvəl isə paytaxtın kənar rayonlarından olan Şunyi və Dasində, habelə Pekinin inzibati ərazisinə daxil olan kəndlərdə kütləvi test prosesi aparılıb. Paytaxta COVID-19 infeksiyasının Böyük Britaniyada tapılan ştammına yoluxma halı aşkarlanandan sonra səlahiyyətli qurumları Pekinə dekabrın 10-dan sonra xarici ölkələrdən gələnlərin COVID-19 üçün seroloji testdən keçməsinə qərar verib.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə ötən sutka COVID-19 virusuna 124 təsdiqlənmiş və 45 asimptomatik yoluxma qeydə alınıb. Təsdiqlənmiş yoluxmaların əsas hissəsi Cilin, Heyloncian və Hebey vilayətlərində aşkarlanıb.
Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna yoluxma hallarının sayı çoxalmağa başlayıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm, yanvarın 14-də və 21-də isə ötən ilin aprelindən sonra gündəlik ən çox yoluxma (144) qeydə alınıb. Bir neçə yaşayış məntəqələrində qapanma, bəzilərində isə aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin