DÜNYA
Pekinin metro stansiyalarında tibbi maska satan avtomatlar fəaliyyətə başlayıb VİDEO
Pekin, 24 noyabr, AZƏRTAC
Çinin paytaxtındakı metronun 10 stansiyasında tibbi və qoruyucu maska satan avtomat qurğular fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində reallaşan bu layihə artıq gündəlik tələbata çevrilən maskaların daha əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Hökumətin qüvvədə olan qərarına əsasən, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda maska taxılması məcburidir. Şəhər sakinləri metro stansiyalarında maska satan avtomatların fəaliyyətindən razıdırlar. Maskaların dəyəri isə mobil cihazlardakı elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
Bildirilir ki, dekabrın sonunadək Pekin metrosunun bütün stansiyalarında bu cür avtomatlar quraşdırılacaq. Pekindən başqa, Uxan, Tiencin, Çindao və Usi şəhərlərinin metro stansiyalarında da bu cür avtomatlar fəaliyyət göstərir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin