ELM VƏ TƏHSİL
Pənah Muradov: Ölkəmizdə gənclərin problemlərinin həlli istiqamətində mühüm işlər görülür
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib, ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını söyləyib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Pənah Muradov qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının müavini Almaz Həsənova çıxış edərək 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı Qələbədə gənclərin rolundan söz açıb.
Sonra institut əməkdaşları Vətən müharibəsində Azərbaycanın şanlı Zəfər tarixini yazan şəhidləri hörmət və ehtiramla yad ediblər.