CƏMİYYƏT


Pendir alarkən və istehlak edərkən diqqət yetirilməli məsələlər

Bakı, 22 iyul, AZƏRTAC

Gündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir. Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən bəzi məqamlara mütləq diqqət yetirməlidirlər.

Pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə fikir vermək lazımdır, çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər. Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. İlk növbədə, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.

Keyfiyyətli pendir sərtliyi və ağ rəngi ilə seçilir. Qablaşdırılmış ağ pendirin qapağı açılandan sonra da onu öz suyunda saxlamaq lazımdır. Gündəlik tələbata uyğun, lazımi miqdarda götürüləndən sonra həmin pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini iki həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə bir neçə həftə istehlak yararlılığını qoruyur.

Seçimi edən istehlakçılar, ilk növbədə, pendirin suyunun olub-olmamasına, yəni onun öz suyunda saxlanılmasına diqqət etməlidirlər. Əgər pendir duzlu su içərisində saxlanılmayıbsa, bu, onun xarab olmasını sürətləndirir. Pendirlər, adətən qaranlıqda, +2℃ - +4℃ temperatur şəraitində saxlanılmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığına əmin olmalıdır.

Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddət ərzində təminatlı saxlanma müddəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açılandan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.

Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmasda olarsa, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.

Yadda saxlamaq lazımdır ki, ağ pendir və onun növlərində temperatur, motal və ya holland pendirlərində isə rütubətin optimallığı qorunmalıdır.

Qablaşdırılmış pendirin üzərində əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.