CƏMİYYƏT
Penisilin kəşf olunanadək mahmızçiçək vərəmin müalicəsində geniş istifadə edilirdi
Bakı, 8 yanvar, AZƏRTAC
Mahmızçiçək təbiətdə geniş yayılan və xalq təbabətində dərman vasitəsi kimi istifadə olunan bitkidir. Sümük bitişməsini sürətləndirmək, oynaqlarda və onurğada olan ağrıları azaltmaq xüsusiyyəti ilə seçilir.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, qədim Tibet əlyazmalarında mahmızçiçək haqqında ilk qeydlərə rast gəlinir və uzun əsrlərboyu Çin təbabətində ondan istifadə olunub.
Müasir tibbin əsasını qoyanlardan biri olan İbn Sina bu bitkidən qırıqlar, bel və oynaq ağrılarının müalicəsində istifadə edirmiş. Penisilin kəşf olunana qədər vərəmin müalicəsində mahmızçiçəkdən geniş istifadə edilirdi.
Bitkinin yerüstü hissəsi zəhərli olduğuna görə müalicə məqsədilə kök və kökümsovlarından istifadə edilir. Onun bişirməsi antimikrob, büzücü, qankəsici və iltihab əleyhinə təsir göstərir, toxumaların epitelizasyasını yaxşılaşdırır. Mahmızçiçək tənəffüs yolları xəstəlikləri, öskürək, ishal, yanıqlar, bağların dartılması, əzələ və oynaqların travmatik zədələnməsi və kliniki stomatologiyada parodontozun müalicəsində tətbiq olunur. Bundan başqa orqanizmi tonuslandırır, spazmolitik olduğundan arterial təzyiqi aşağı salır, həzmi yaxşılaşdırır.
Mahmızçiçəyin yerüstü hissəsində sinir sistemini iflic edən zəhərli maddələr olduğuna görə bitkidən çox ehtiyatla istifadə etmək lazımdır, hamilə qadınların ondan istifadə etməsi isə qəti qadağandır.