CƏMİYYƏT
Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində badminton turniri keçirilir
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi avqustun 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində növbəti tədbir – badminton turniri keçirir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin tərbiyə müəssisəsindəki gənclərin asudə vaxtının mənalı təşkili ilə yanaşı, onlarda idman vərdişləri yaratmağa xidmət etdiyini bildirib. Deyib ki, tədbir, həmçinin tərbiyə müəssisəsindəki yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşması və onların fiziki inkişafının təmin edilməsi məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, bu işin daha faydalı olması üçün açıq havada əvvəlcədən quraşdırılmış meydançada turnirdə iştirak edəcək uşaqların badminton idman növü üzrə səriştələrinin artırılması məqsədilə Azərbaycan Badminton Federasiyasının müəllim heyəti tərəfindən ikigünlük təlimlər təşkil olunub.
Tədbirin sonunda turnirdə I, II və III yerləri tutanlara təşkilatçılar tərəfindən diplomlar, islah olunan uşaqların badminton idman növü ilə mütəmadi məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr veriləcək.