CƏMİYYƏT
Penitensiar Xidmətin mühafizə alayında “Parisdən məktublar” adlı film nümayiş etdirilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında “Parisdən məktublar” adlı film nümayiş etdirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Mədəniyyət Nazirliyinin və Penitensiar Xidmətin birgə təşəbbüsü ilə təşkil olunub.
Mədəniyyət Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşlarının, filmin yaradıcı heyətinin iştirak etdikləri tədbirin məqsədi mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən şəxsi heyətin asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik ruhunun yüksəldilməsi və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətindən bəhs edən “Parisdən məktublar” qısametrajlı sənədli filmdə görkəmli siyasi xadimin həyatının mühüm məqamları, çar Rusiyası dövründəki ictimai-siyasi fəaliyyəti, Cümhuriyyətin qurulmasında mübarizəsi əksini tapıb.
“Salnamə” studiyası tərəfindən çəkilmiş filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi isə İntiqam Qasımzadədir.
Film gənc əsgərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.