Pentaqon Avropaya 8,5 min hərbi qulluqçu göndərməyə hazır olduğunu bəyan edib
AzerTAg.az
Vaşinqton, 25 yanvar, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Ukrayna ətrafında vəziyyətlə əlaqədar ölkə ərazisində və xaricdə ordusunun hazırlıq səviyyəsini yüksəldir.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bildirib.
O deyib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkənin bəzi hərbi hissələrini Avropaya göndərilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirib. Kirbi vurğulayıb ki, bu, əsasən yerüstü qüvvələrdir. Pentaqon təmsilçisi əlavə edib ki, hərbçilərin Avropaya göndərilməsi barədə qərar hələ qəbul olunmayıb. Bundan əvvəl Ağ evin mətbuat katibi Cen Psaki bəyan etmişdi ki, Vaşinqton NATO üzrə müttəfiqləri ilə şərq cinahında hərbi mövcudluğun genişləndirilməsi imkanlarını müzakirə edir.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var