DÜNYA
Pentaqon: İŞİD qruplaşması Qərbə hücumlar planlaşdırır
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ qoşunlarının Suriya və İraqdakı komandanı general-leytenant Stiven Taunsend kəşfiyyat məlumatlarına əsaslanaraq, İŞİD qruplaşmasının Rakka şəhərində Suriyanın xaricində hücumlar planlaşdırdığını deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, general qərb ölkələrinə hücumların dəqiq yerinin və vaxtının hələlik məlum olmadığını qeyd edib. Onun sözlərinə görə, təhlükənin qeyri-müəyyənliyı Rakka şəhərinə hücumun tezləşdirilməsini vacib edir.
Stiven Taunsend həmçinin bildirib ki, İraqın Mosul şəhərindən fərqli olaraq, Suriyanın Rakka şəhərinin İŞİD-dən geri alınması əməliyyatı ölkənin silahlı qüvvələri ilə deyil, yerli döyüşçülər tərəfindən Rusiya aviasiyası və hökumət qoşunlarının mövcudluğu nəzərə alınmaqla, çətin döyüş şəraitində aparılmalıdır.
Bununla yanaşı, general Rakkaya hücumun ABŞ-ın uzunmüddətli və gərgin müqavimət gözlədiyi Mosul əməliyyatlarından daha çox vaxt aparacağını istisna etməyib.
Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə İraqın Baş naziri Heydər əl-Abadi Mosulun ələ keçirilməsi uğrunda hərbi əməliyyatların başladığını elan edib. Bundan sonra hökumət qüvvələri və polis, həmçinin kürd birləşmələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava dəstəyi ilə Mosul şəhəri üzərinə irimiqyaslı hücuma başlayıb.