Pentaqon Şərqi Avropa və Baltikyanı ölkələrdə 5 min hərbçi yerləşdirə bilər
AzerTAg.az
Bakı, 24 yanvar, AZƏRTAC
Pentaqon Şərqi Avropa və Baltikyanı ölkələrdə 5 min amerikalı hərbçinin yerləşdirilməsi planını təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ Şərqi Avropa və Baltikyanı ölkələrə 5 minə yaxın hərbçi, gəmilər və təyyarələr göndərə bilər.
Hazırda Prezident Cozef Bayden Müdafiə Nazirliyi tərəfindən təqdim olunan planın reallaşdırılması imkanlarını nəzərdən keçirir.
Yanvarın 22-də “Camp David” (Merilend ştatı) prezident iqamətgahında keçirilən görüşdə Pentaqonun yüksəkrütbəli rəsmiləri Cozef Baydenə Amerika hərbi aktivlərinin Rusiya ilə sərhədə daha yaxın yerləşməsinə imkan verəcək bir neçə variant təqdim ediblər. Variantlardan biri Şərqi Avropa ölkələrinə 5 minə yaxın əsgər göndərilməsini, həmçinin vəziyyətin gərginləşəcəyi təqdirdə bu miqdarın on dəfə artırıla biləcəyini nəzərdə tutur.
ABŞ Prezidentinin təkliflə bağlı bu həftə qərar verəcəyi gözlənilir.

Xəbərin mətnində orfoqrafik səhv var