DÜNYA
Pentaqon nümayəndə heyətinin Ankarada danışıqları başa çatıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Ankarada səfərdə olan Pentaqon nümayəndə heyətinin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı apardığı danışıqlar başa çatıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda ABŞ-ın Avropadakı qoşunlarının komandan müavini, general-leytenant Stefen M. Tvittinin başçılıq etdiyi Birləşmiş Ştatların Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Pentaqonun Mərkəzi Komandanlığının komandan müavini, general-leytenant Tomas Berqesonun da olduğu bildirilib.
Məlumatda qeyd olunub ki, məsləhətləşmələr Şanlıurfa vilayətinin Akçakale rayonunda davam etdiriləcək.
Xatırladaq ki, avqustun 7-də ABŞ və Türkiyənin nümayəndə heyətləri arasında danışıqlarda Suriyanın şimalında təhlükəsiz zonanın müəyyən edilməsi və öz yerlərinə qayıtmaq istəyən suriyalılara şərait yaradılması barədə razılıq əldə olunub. Tərəflər birgə əməliyyat mərkəzinin təşkili üzrə də ortaq məxrəcə gəliblər.